Atlantida – Itirilmiş Sivilizasiya


Atlantida - əfsanəvi ada. İlk dəfə qədim yunana alimi Platonun e.ə 360-cı illərdə yazdığı “Timey” və “Kritiy” adlı dialoqlarda adına rast gəlinən bu adanın mif və ya real olması barədə mübahisələr artıq iki min ildən artıqdır ki davam edir.  Platona görə, Gibraltar boğazında yerləşən bu ada bir çox ölkələri fəth etmiş, lakin təxminən e.ə 10.000-ci illərdə baş verən zəlzələ nəticəsində bir günün içində suyun dibinə batmışdır.

Əksər alimlər Platonun dialoqlarda haqqında bəhs etdiyi bu adanın əfsanə olduğunu və mövcudluğunun heç bir dəlillə sübuta yetirilmədiyini iddia edirlər.  “Kritiy” dialoqunda Platon qeyd edir ki, onun Atlantida barədə verdiyi məlumatlar afinalı dövlət xadimi Solonun (e.ə 6-cı əsr) Misirə səyahəti ilə bağlıdır. Misirdə olarkən, Solon keşiş Sayasla görüşür. Sayas qədim Atlantida tarixini papiruslar üzərində yazılmış Misir heroqliflərindən yunan dilinə tərcümə etmişdi. Bəziləri Platonun Atlantida barədə yazılarının Troya müharibəsindən bəhrələndiyini qeyd edir.
“Kritiy” dialoquna görə, yunan tanrıları dünya ərazisini öz aralarında böldülər. Dəniz allahı Poseydon Atlantida adasını seçdi. Poseydon Kleyto adlı qadını sevirdi. Onların beş cüt əkiz oğlu dünyaya gəlmişdi. Onlardan böyüyü Atlas adanın və adanın yerləşdiyi okeanın (Atlantik okenanı onun şərəfinə adlandırıldı) kralı elan olundu.  Onun əkiz qardaşı Qadeyrus və digər dörd cüt əkiz qardaşa adanın müxtəlif hissələrinin idarəsi tapşırıldı.
Paseydon Kleyto ilə sevgi yaşadığı dağda saray yaratdı. Saraydan başlayaraq bir-birindən xəndəklərlə ayrılan və ölçüləri böyüyən üzükşəkilli torpaq sahələri quruldu. Bu üzükşəkilli sahələr bir-birilə körpülər vasitəsilə birləşdirildi. Şəhərə gəmilərin daxil omasını təmin etmək üçün sarayın yerləşdiyi mərkəz hissədən hər bir üzükşəkilli torpaq sahəsindən keçməklə kanal yaradıldı.  Hər bir torpaq sahəsində limanlar tikildi. Bu sahələrin hər biri müdafiə qalalaları ilə qorunurdu.
Platona görə, Solunun dövründən (e.ə 6-cə əsr) 9.000 min il əvvəl şəhərin daxilində və xaricində yaşayan insanlar arasında böyük müharibə oldu. Atlantlar Afrikanın bəzi hissələrini, Misiri və Avropanın o dövrdə Tireniya (indiki İtaliya ərazisində yerləşirdi) adlanan hissəsinə qədər olan əraziləri işğal etdilər və insanları qula çevirdilər. Bir müddətdən sonra adada güclü zəlzələ və tufan başladı. Ada bir gecənin içində suyun dibinə batdı və batarkən yaratdığı palçıq və digər tullantıların altında həmişəlik itdi.

Yerləşdiyi Ərazi Barədə Mübahisələr

Atlantidanı əksər alimlər əfsanə kimi qəbul edirlər. Onun bir zamanlar mövcud olduğuna inananlar isə yerləşdiyi yer barədə müxtəlif mülahizələr irəli sürürlər. Əksər fikirlər Aralıq dənizi üzərində  dayanır. Dənizdə yerləşən Sardiniya, Krit, Santorini, Siciliya, Kipr, Malta, eləcə də bir zamanlar ərazisində məşhur müharibənin baş verdiyi ehtimal olunan Troya Atlantida ilə əlaqələndirilir.
Atlantidanın yerləşdiyi iddia olunan müxtəli ərazilər:

Tera vulkanik partlaması – e.ə 16-17-ci əsrlərdə Minoy sivilizasiyasının yarandığı Tera (hal-hazırda Yunanıstanda vulkanik kraterdə yerləşən Santorini şəhəri) şəhəri güclü vulkan partlayışı nəticəsində məhv  oldu. Bir çoxları məhz bu hadisənin Atlantida əfsanəsinin əsasını qoyduğunu bildirir.
Santorinin peyk görüntüsü:
A.G. Qalanopulos iddia edir ki, Platonun “Kritiy”-də yazdığı“Solonun dövründən 9.000 min iləvvəl” sözləri əslində misirdilindən yunan dilinə səhv tərcümə olunmuşdur. Burada “minlər”əvəzinə “yüzlər” tərcümə olunmalı idi - 9.000 min il əslində 900 ildir. Yəni Solonun dövründən 900 il əvvəl e.ə 15-16-cı əsrlərə uyğun gəlir. Bu isə Tera vulkanik partlaması ilə təxminən üst-üstə düşür.
Kanar, Madeyra və Azro adalarının da Atlantida olması barədə fikirlər var. Lakin bu adaların ətrafında aparılan tədqiqatlar heç bir katastrofik hadisənin baş vermədiyini təsdiqləyib.
Antarktidanın əslində Atlantida olması barədə də fikirlər mövcuddur. İddialara görə, Piri Rəisin 1513-cü ildə çəkdiyi və Antarktidanı da təsvir etdiyi (Antarktida 1820-ci ildə kəşf edilib) sirli xəritədə materik tamamilə buzlardan azad şəkildədir. Atlantik okenındakı Bermud üçbucağında bir zamanlar Atlantidanın yerləşməsi barədə nəzəriyyələr də mövcuddur.
Qeyd: Piri Rəisin xəritəsinin sirrləri barədə sonrakı məqalələrdə məlumat veriləcək.



1 comment: